
Prezident İlham Əliyev “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Prezident İlham Əliyev müraciətində AQEM-in regionda sülh, təhlükəsizlik və sabitliyə töhfə verən, üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm dialoq platforması olduğunu qeyd edib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə Bakıda müxtəlif istiqamətlər üzrə yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında tədbirlər təşkil olunub. Bu tədbirlərin təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verdiyi vurğulanıb.
Müraciətdə Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Prezident İlham Əliyev qeyd edib ki, media artıq yalnız informasiya mübadiləsi vasitəsi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir.
Dövlət başçısı həmçinin dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanmasının ictimai etimada birbaşa təsir göstərdiyini bildirib.
Müraciətdə media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələblərin artdığı, dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Prezident İlham Əliyev AQEM Media Forumunun media sahəsində əməkdaşlığın yeni istiqamətlərlə zənginləşdirilməsinə, birgə layihələrin reallaşmasına və təcrübə mübadiləsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıb.





