
Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında Anlaşma Memorandumu mübadilə edilib.
QanunTV.az xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə mübadilə olunub.
Anlaşma Memorandumu iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsini, ticarət-iqtisadi əməkdaşlığın inkişafını və qarşılıqlı biznes imkanlarının artırılmasını nəzərdə tutur.
Biznes forumunda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Yusif Abdullayev Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, logistika və iqtisadi mərkəz kimi mövqeyini gücləndirdiyini bildirib.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və xüsusilə qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində fəal iş aparır. Onun sözlərinə görə, Azərbaycan və Kamboca arasında bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Yusif Abdullayev forumda iştirak edən şirkətlərin sayına və təmsil olunan sahələrin müxtəlifliyinə də diqqət çəkib. Bildirilib ki, tədbirdə Azərbaycan tərəfindən ticarət, ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrini təmsil edən təxminən 80 şirkət iştirak edir.
Kamboca tərəfindən isə bankçılıq və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi sahələrində fəaliyyət göstərən 12 şirkətdən 16 nümayəndə foruma qatılıb.
Nümayəndə bu müxtəlifliyin iki ölkə arasında əməkdaşlıq imkanlarının ayrı-ayrı sahələrlə məhdudlaşmadığını göstərdiyini vurğulayıb.
Yusif Abdullayev Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında Anlaşma Memorandumunun mübadiləsini institusional əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan-Kamboca Biznes Forumu iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və qarşılıqlı investisiya imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyır.





