
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
Qanuntv.az xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla yaradılıb. Parkın əsas məqsədləri əczaçılıq sənayesinin inkişaf etdirilməsi, dərman vasitələri üzrə idxaldan asılılığın azaldılması, əhalinin dərman tələbatının yerli istehsal hesabına ödənilməsinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.
Müəssisəyə 113,9 milyon manat investisiya yatırılıb
“Gen Pharma Caucasus Manufacturing Operations” MMC 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusunu alıb.
Müəssisənin təsisçiləri Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti, Azərbaycan Biznesinin İnkişafı Fondu və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir. Şirkətdə pay bölgüsü müvafiq olaraq 66 faiz, 29 faiz və 5 faiz təşkil edir.
Layihənin ümumi investisiya dəyəri 113,9 milyon manatdır. İnvestisiyanın maliyyələşdirilməsində özəl vəsaitlərlə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından və 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub.
Müəssisə Pirallahı Sənaye Parkının rezidenti kimi 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad edilib.
İllik 60 milyon qutu dərman istehsal ediləcək
5,2 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman təşkil edir. Bu isə 2,5 milyard tablet və kapsul istehsalına imkan verəcək.
Zavodda kardiologiya, nevrologiya, urologiya, diabetologiya və qastroenterologiya sahələrində istifadə olunan dərmanlarla yanaşı, ağrıkəsicilər, antibiotiklər və digər preparatlar istehsal ediləcək.
Müəssisədə ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb. Bu avadanlıqların yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verəcəyi bildirilib.
5 il ərzində 500-dən çox preparat lokallaşdırılacaq
Müəssisənin qarşıdakı dövr üçün əsas hədəfləri arasında istehsalın artırılması, dərman preparatlarının ölkə daxilində lokallaşdırılması və daxili bazarın tələbatının daha geniş şəkildə yerli istehsal hesabına qarşılanması dayanır.
Plana əsasən, növbəti 5 il ərzində 500-dən çox preparatın istehsalının lokallaşdırılması nəzərdə tutulur.
Zavodda istehsal ediləcək məhsulların yalnız daxili bazara deyil, xarici ölkələrə də çıxarılması planlaşdırılır. Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixrac həyata keçirilməsi nəzərdə tutulur.
178 nəfər işlə təmin ediləcək
Yeni müəssisənin fəaliyyətə başlaması ilə 178 nəfərin daimi işlə təmin olunacağı bildirilib.
Müəssisədə təhsil və elmi əməkdaşlığa da xüsusi diqqət ayrılıb. Belə ki, Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün burada rəsmi tədris bazası yaradılıb.
Pirallahı Sənaye Parkının özü isə əsasən əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılıb. Hazırda parkda 7 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 2-si artıq fəaliyyətə başlayıb.
Yeni dərman istehsalı müəssisəsinin fəaliyyətə başlaması Azərbaycanda əczaçılıq məhsullarının yerli istehsalının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və dərman sənayesində yeni istehsal imkanlarının yaradılması baxımından əhəmiyyətli layihələrdən biri kimi təqdim olunur.













