
Üzərində müxtəlif yazılar, xətlər və ləkələr olan əsginaslarla bağlı vətəndaşlara xəbərdarlıq edilib.
QanunTV.az xəbər verir ki, nağd hesablaşmalar zamanı mağazalar, supermarketlər və xidmət müəssisələri üzərində əlavə yazılar, xətlər və ləkələr olan, eləcə də tədavülə yararsız hesab edilən əsginasları qəbul etməkdən imtina edə bilərlər.
Bu səbəbdən vətəndaşlara pul nişanlarının üzərinə yazı yazmamaq, onları cızmamaq və yararsız vəziyyətə salmamaq tövsiyə olunur.
Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, pul əsginaslarının üzərinə yazı yazılması və onların korlanması dünyanın bir çox ölkəsində arzuolunmaz hal hesab olunur.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində əsginasın üzərinə yazı yazılmasına və ya onun korlanmasına görə ayrıca inzibati məsuliyyət nəzərdə tutulmayıb.
Bununla belə, hüquqşünas diqqətə çatdırıb ki, milli valyutanın emitenti Azərbaycan Mərkəzi Bankıdır. Əgər konkret şəxsin əsginası qəsdən korladığı sübut olunarsa və bunun nəticəsində Mərkəzi Banka zərər dəydiyi müəyyən edilərsə, qurum həmin şəxsdən vurulmuş zərərin əvəzini məhkəmə qaydasında tələb edə bilər.
Əkrəm Həsənov vurğulayıb ki, belə bir iddianın təmin olunması üçün şəxsin əməli, təqsiri və dəymiş zərərlə həmin əməl arasındakı səbəbli əlaqə sübut edilməlidir.
Hüquqşünasın sözlərinə görə, əsginasın üzərindəki yazılar, ləkələr və digər zədələr onun dövriyyədə istifadəsinə təsir göstərə bilər.
Vətəndaşlara tövsiyə olunur ki, pul nişanlarını qoruyub saxlasınlar və onların istifadəyə yararlılığına təsir edə biləcək hərəkətlərdən çəkinsinlər.





