
Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.
Qanuntv.az xəbər verir ki, görüş Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində baş tutub. Haluk Görgün sərgidə iştirak etmək məqsədilə Azərbaycanda rəsmi səfərdədir.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair bir sıra müqavilələr də imzalanıb.
Qeyd edək ki, “ADEX 2026” sərgisi müdafiə sənayesi sahəsində yeni texnologiyaların, hərbi təyinatlı məhsulların və innovativ həllərin nümayiş etdirildiyi mühüm beynəlxalq platformalardan biridir.









