
Şuşada tarixi əhəmiyyət daşıyan qayaların üzərinə müxtəlif yazılar yazan şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülüb.
Məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova da açıqlama verib.
Onun sözlərinə görə, Şuşaya səfər edən bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması ciddi narazılıq doğurub. Qayaların üzərindəki yazılar sonradan təmizlənsə də, bu proses tarixi və təbii irsə əlavə zərər vurur.
Səmayə Məmmədova bildirib ki, belə hallarla bağlı dəfələrlə tədbirlər görülüb, qayaları korlayan şəxslər cərimələnib və onlara müvafiq izahat verilib. Buna baxmayaraq, xoşagəlməz hallar yenidən təkrarlanır.
“Qayaların üzərində qan izləri var, güllə izləri var. Bütün bunların fonunda həmin ərazilərə gəlib yazı yazmaq, ad həkk etmək, ilk növbədə, o torpaqlar uğrunda canından keçən insanların ruhuna hörmətsizlikdir”, – deyə Səmayə Məmmədova vurğulayıb.
Qeyd edək ki, Şuşanın tarixi, mədəni və təbii irsinin qorunması məqsədilə ərazidə müvafiq mühafizə tədbirləri həyata keçirilir. Tarixi abidələrə, qayalara və digər irs nümunələrinə zərər vurulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yaradır.





