
Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin qız bu evliliyə razı olmayıb və kömək üçün sığınacağa müraciət edib.
Kəmalə Ağazadə hadisənin təfərrüatlarını paylaşaraq bildirib:
«“17 yaşlı qızın sentyabrın 20-də toyu olacaqdı. Olmayacaq”.»
Bildirilib ki, qızın valideynləri toy üçün cehiz almaq məqsədilə “Sədərək” Ticarət Mərkəzinə gediblər. Bu zaman qız taksiyə minərək sürücüdən onu Kəmalə Ağazadənin sığınacağına aparmasını xahiş edib.
“Qız taksi sürücüsünə deyib ki, ‘Pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər’. O da gətirib...”, – deyə paylaşımda qeyd olunub.
Hazırda hadisə ilə bağlı əlavə təfərrüatlar məlum deyil.





