
Estoniya parlamentində keçirilən növbədənkənar iclasda ölkənin yeni prezidenti seçilib.
Ədliyyə kansleri Yülle Madize Estoniyanın yeni dövlət başçısı olub.
Parlamentdə keçirilən səsvermədə 101 deputatdan 71-i Madizenin namizədliyini dəstəkləyib. Prezident seçilmək üçün parlament üzvlərinin üçdəikisinin, yəni ən azı 68 deputatın səsi tələb olunurdu.
Madize parlamentdə təmsil olunan altı siyasi partiyadan dördünün əvvəlcədən əldə etdiyi razılaşma əsasında seçkidə alternativ namizəd olmadan iştirak edib.
O, bu vəzifədə səlahiyyət müddəti 2026-cı ilin oktyabrında başa çatacaq Alar Karisi əvəz edəcək. Karis hələ iyun ayında prezident seçkilərində yenidən namizəd olmayacağını açıqlamışdı.
Yülle Madize 1974-cü ildə Estoniyada anadan olub. Tartu Universitetinin hüquq fakültəsini bitirib. O, Tartu və Tallin Texniki universitetlərində konstitusiya hüququ üzrə mühazirələr də oxuyub. Madize 2015-ci ildən Estoniyanın ədliyyə kansleri vəzifəsində çalışır.
Yeni prezident hər hansı siyasi partiyanın üzvü deyil və müstəqil siyasi xadim kimi tanınır.
Qeyd edək ki, Estoniyada prezident beş il müddətinə seçilir və eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq bu vəzifəni tuta bilməz. Parlament respublikası olan Estoniyada prezidentin səlahiyyətləri əsasən dövlətin nümayəndəsi və rəsmi funksiyalarla məhdudlaşır.





