
Türkiyənin Bursa vilayətində keçirilən sünnət toyundan sonra 367 nəfər qida zəhərlənməsi şikayəti ilə tibbi yardım üçün müraciət edib.
QanunTV.az xəbər verir ki, hadisə ilə bağlı yerli səhiyyə idarəsi məlumat yayıb.
Bildirilib ki, Orhaneli xəstəxanasına və digər tibb müəssisələrinə tədbirdə düyü ilə birlikdə toyuq əti yedikdən sonra özlərini pis hiss edən 367 nəfər müraciət edib.
Müraciət edən şəxslərdən 74-ü xəstəxanaya yerləşdirilib. Onların böyük əksəriyyətinin müalicədən sonra evə buraxıldığı, hazırda isə 23 nəfərin həkim nəzarətində saxlanıldığı qeyd olunub.
Hadisədən sonra toyda təqdim olunan qidalardan nümunələr götürülüb. Zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.





