
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Cəfərov bildirib ki, bu təşəbbüs yalnız onminlərlə tibb işçisinin əməkhaqqının yüksəldilməsi ilə məhdudlaşmır.
Onun sözlərinə görə, atılan addım səhiyyə sistemində insan kapitalının gücləndirilməsinə, sosial ədalətin təmin olunmasına, tibb işçilərinin peşə nüfuzunun artırılmasına və daha güclü səhiyyə sisteminin formalaşdırılmasına xidmət edir.
Deputat qeyd edib ki, sosial müdafiənin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və tibb işçilərinin sosial rifahının yüksəldilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir.
Müşfiq Cəfərovun sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü Prezident İlham Əliyev tərəfindən də müsbət qarşılanıb və bununla bağlı müvafiq tapşırıq verilib.
Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq. Artımdan TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 72 212 tibb işçisi yararlanacaq.
Deputat hesab edir ki, yeni mexanizm xüsusilə regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına müsbət təsir göstərə bilər.
“Qərarda regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi nəzərdə tutulur. Bu, regionlarda çalışan tibb mütəxəssisləri üçün əlavə motivasiya yaradacaq”, – deyə Müşfiq Cəfərov bildirib.
Deputat vurğulayıb ki, yaradılan daha əlverişli maliyyə və iş şəraiti xaricdə fəaliyyət göstərən yüksəkixtisaslı azərbaycanlı həkim və digər tibb mütəxəssislərinin ölkəyə qayıtmasına da stimul verə bilər.
Onun fikrincə, bu siyasət həm ölkə daxilində tibb kadrlarının potensialının gücləndirilməsinə, həm də xaricdə çalışan azərbaycanlı mütəxəssislərin dövlət tibb müəssisələrinə cəlb olunmasına mühüm töhfə verə bilər.
Müşfiq Cəfərov hesab edir ki, Mehriban Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü Azərbaycan səhiyyəsinin insan resurslarının inkişafına və daha dayanıqlı səhiyyə sisteminin qurulmasına yönəlmiş mühüm addımlardan biridir.





