
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.
Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, itkin düşmüş şəxslərin taleyi Azərbaycan üçün dərin humanitar və milli əhəmiyyət daşıyan məsələ olaraq qalır.
“Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.
Məsələ Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının onilliklər ərzində davam edən qeyri-müəyyənlikdən sonra ailələrinə qaytarılması üçün sistemli səylərini davam etdirir”, – deyə Hikmət Hacıyev qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, şahid ifadələri yoxlanılır, ehtimal edilən dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlarda qazıntı işləri aparılır. Aşkar edilmiş qalıqlar isə məhkəmə-tibbi və DNT müayinələrindən keçirilir.
Onun sözlərinə görə, indiyədək 32 kütləvi məzar aşkar edilib və 328 itkin şəxsin kimliyi DNT müayinəsi ilə müəyyənləşdirilib.
Hikmət Hacıyev Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn yerləri barədə dəqiq və əhatəli məlumatın verilməsinin vacibliyini də vurğulayıb.
“Belə əməkdaşlıq, ilk növbədə, humanitar öhdəlikdir və minlərlə ailənin onilliklərdir davam edən qeyri-müəyyənliyə son qoyması üçün vacibdir”, – deyə o bildirib.
Qeyd olunub ki, çətin relyefə, hava şəraitinə, eləcə də mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslardan və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir.
“Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var.
Hər itkin düşmüş şəxsin adı var.
Hər ailə cavab almağa layiqdir”, – Hikmət Hacıyev vurğulayıb.





