
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Qanuntv.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Görüş zamanı İlham Əliyev bu ilin aprelində Gürcüstana etdiyi dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.
Dövlət başçısı Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixə və böyük gələcəyə malik olduğunu vurğulayıb. O, iki müstəqil dövlət arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, xalqlarımızı isə qardaşlıq münasibətlərinin birləşdirdiyini bildirib.
Qiorqi Zakaraşvili Azərbaycana səfir təyin olunmasından və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu qeyd edib. O, fəaliyyəti dövründə iki ölkə arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari münasibətlər, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu layihələr yalnız region üçün deyil, qlobal miqyasda da mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.











