
Avtomobillərdə standartlara uyğun olmayan LED lampalardan istifadə yol hərəkətinin təhlükəsizliyi üçün ciddi risk yaradır. Belə işıqlar qarşıdan gələn sürücülərin gözlərini qamaşdıraraq onların yolu və yol nişanlarını görməsini çətinləşdirə bilər.
Qanuntv.az xəbər verir ki, gecə saatlarında, xüsusilə zəif işıqlandırılan yollarda bəzi sürücülər daha güclü işıqlandırma əldə etmək məqsədilə avtomobillərinə LED lampalar quraşdırırlar. Lakin düzgün seçilməyən və avtomobilin konstruksiyasına uyğun olmayan işıqlar qəza riskini artıra bilər.
Sürücülər də bu cür işıqların görmə qabiliyyətinə mənfi təsir göstərdiyini bildirirlər. Onların sözlərinə görə, parlaq işıqlar yolu və yol nişanlarını seçməyi çətinləşdirir.
Qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının sayı, tipi, rəngi, yerləşməsi və iş rejimi avtomobilin konstruksiyasına uyğun olmalıdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirlinin açıqlamasına görə, normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə əsasən, 150 manat məbləğində cərimə ilə nəticələnə bilər.
Bildirilib ki, belə hallar aşkarlandıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa da yerləşdirilə bilər.
Sürücülərə avtomobillərin işıqlandırma sistemində dəyişiklik edərkən qanunvericiliyin tələblərinə əməl etmələri və yol hərəkəti təhlükəsizliyini nəzərə almaları tövsiyə olunur.





