
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
QanunTV.az xəbər verir ki, Oxu.Az Prezident.az-a istinadən dövlət başçısının müraciətinin mətnini təqdim edib.
Prezident müraciətində sərginin açılışı münasibətilə iştirakçıları salamlayıb və tədbirə uğurlar arzulayıb.
Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərin yenidən qurulduğu, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edildiyi vurğulanıb. Qeyd edilib ki, indiyədək bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb.
Müraciətdə diqqətə çatdırılıb ki, Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi məqsədilə 300 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İndiyədək 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.
Prezident Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat infrastrukturunun inkişafına da toxunub. Bildirilib ki, indiyədək regionda 1500 kilometrə yaxın avtomobil yolu tikilib, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib. Dəmir yollarının inşası davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xəttinin Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıdığı qeyd olunub.
Müraciətdə enerji və su infrastrukturu sahəsində görülən işlər də əksini tapıb. Qeyd edilib ki, regionda bir yeni su anbarı tikilib, beş su anbarı bərpa olunub, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilib. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi əsas istiqamətlərdən biri kimi göstərilib.
Dövlət başçısı regionda sosial infrastrukturun yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 40 təhsil və 20 səhiyyə müəssisəsi, eləcə də Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Laçın, Zəngilan, Füzuli və Ağdamda istifadəyə verilən inzibati mərkəzlər əhaliyə sosial təminat, məşğulluq və digər sahələr üzrə xidmətlərin göstərilməsinə imkan yaradır.
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsinin bərpası, turizm potensialının inkişafı və işğal dövründə yaranmış ekoloji fəsadların aradan qaldırılması məsələlərinə də diqqət çəkib. Müraciətdə bildirilib ki, indiyədək 600 hektar meşə fondu bərpa olunub.
Prezident vurğulayıb ki, Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti mərhələsində əsas məqsədlərdən biri özəl investisiyaların, daimi məşğulluğun və ixracyönümlü istehsalın genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsidir.
Müraciətdə 2026-cı ildə Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunmasına və qlobal dialoqda ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verdiyi də qeyd edilib.
Dövlət başçısı “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Garabagh” və “BakuBuild” sərgilərinin yeni texnologiyaların təqdimatı, təcrübə mübadiləsi və işgüzar tərəfdaşlıqların qurulması baxımından mühüm imkanlar yaratdığına əminliyini ifadə edib.
Prezident İlham Əliyev müraciətinin sonunda sərginin işinə uğurlar arzulayıb, iştirakçılara fəaliyyətlərində yeni nailiyyətlər diləyib.





