
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün iştirakçılarına müraciət ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.
Prezident müraciətində Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.
Dövlət başçısı korrupsiyanın dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa zərər vuran cinayət olduğunu qeyd edib. Onun sözlərinə görə, bu cür cinayətlərin bəzi hallarda transsərhəd xarakter daşıması milli və beynəlxalq səviyyədə birgə tədbirlərin görülməsini zəruri edir.
İlham Əliyev “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”nın bu sahədə vahid hüquqi platformanın formalaşdırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Konvensiyaya qoşulmasının beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.
Müraciətdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərə də toxunulub. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və ictimai nəzarətin gücləndirilməsi bu sahədə əsas istiqamətlər kimi qeyd olunub.
Prezident, həmçinin rəqəmsal inkişafın və süni intellektin yayılmasının korrupsiya ilə mübarizə üçün yeni imkanlar yaratmaqla yanaşı, yeni risklər də meydana çıxardığını vurğulayıb. Hüquq-mühafizə orqanlarının müasir texnoloji həllərdən səmərəli istifadəsinin belə cinayətlərin qarşısının alınmasında və araşdırılmasında mühüm rol oynadığını bildirib.
Dövlət başçısı əminliyini ifadə edib ki, Bakıda keçirilən görüş çərçivəsində aparılan müzakirələr və irəli sürülən təkliflər İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın güclənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək.
İlham Əliyev görüşün işinə uğurlar arzulayıb.





