
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı məktubunda Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Tokayevi və onun simasında qardaş Qazaxıstan xalqını təbrik edib.
Prezident İlham Əliyev Qazaxıstanın son illərdə hərtərəfli inkişaf etdiyini, iqtisadi potensialını gücləndirdiyini və beynəlxalq aləmdə nüfuzunu artırdığını vurğulayıb.
Məktubda Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, görüşlərin və ali səviyyədə fəal dialoqun mühüm rol oynadığı qeyd edilib. Dövlət başçısı strateji tərəfdaşlığın və müttəfiqliyin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
İlham Əliyev zəngin mənəvi dəyərlərə və xalqların qardaşlığına əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə inandığını bildirib.
Prezident məktubunun sonunda Kasım-Jomart Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.





