
Ermənistan hökuməti azərbaycanlıların dövlət sərhədini keçməsi ilə bağlı insidentlərin səbəblərini araşdırmalı, cəmiyyətdə yaranan narahatlığı yalnız siyasi bəyanatlarla aradan qaldırmağa çalışmamalıdır.
Qanuntv.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Vaan Saroyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Ekspert son bir ay ərzində azərbaycanlıların Ermənistan ərazisinə daxil olması ilə bağlı ikinci hadisəni şərh edib. Məlumata görə, oktyabrın 19-da Ermənistanın Tavuş vilayətində Tovuz rayonunun 1968-ci il təvəllüdlü sakini Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Onun yolu azmış çoban olduğu və Azərbaycana qaytarılması üçün tədbirlər görüldüyü bildirilib.
Saroyan hesab edir ki, ilk növbədə, şəxsin sərhədin hansı hissəsindən keçdiyi, həmin ərazidə təhlükəsizliyə nəzarət üçün hansı texniki vasitələrdən istifadə olunduğu və müvafiq sahənin hansı qurumun məsuliyyət zonasına daxil olduğu müəyyənləşdirilməlidir. Onun fikrincə, araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmalıdır.
Ekspert sentyabrın sonunda Zəngəzurun Şəki kəndində baş vermiş hadisəni də xatırladıb. Həmin vaxt Ermənistan tərəfi Azərbaycan hərbçisinin hərbi hissəni özbaşına tərk etdikdən sonra yolu azaraq Ermənistan ərazisinə keçdiyini bildirmişdi. Saroyan bu cür halların sərhəd təhlükəsizliyi baxımından suallar doğurduğunu vurğulayıb.
Digər hərbi ekspert Karen Vrtanesyan isə sərhədin bəzi hissələrində relyef səbəbindən nəzarətin çətinləşə biləcəyini qeyd edib. Bununla belə, o, müasir müşahidə və kəşfiyyat vasitələrindən daha səmərəli istifadə edilməsinin vacibliyini bildirib.
Vrtanesyanın sözlərinə görə, Şəki kəndindəki hadisədən sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti həmin ərazidə gücləndirilmiş növbətçilik və patrul xidməti təşkil etməli idi. O, həmçinin insidentlə bağlı təhlükəsizlik qurumlarının rəhbərliyinə münasibətdə xidməti araşdırmanın aparılmasının zəruri olduğunu düşünür.
Qeyd edək ki, açıqlamalar Ermənistanın hərbi ekspertlərinin mövqeyini əks etdirir.





