
Prezident İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının artırılmasını nəzərdə tutan sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısının imzaladığı qanunla “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib.
Bu il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanmış sazişə əsasən, Fondun nizamnamə kapitalı iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılıb.
Qeyd edək ki, Azərbaycan-Qırğız İnkişaf Fondu iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya layihələrinin dəstəklənməsi və qarşılıqlı iqtisadi əlaqələrin inkişafı məqsədilə fəaliyyət göstərir. Nizamnamə kapitalının artırılması Fondun maliyyə imkanlarının genişləndirilməsi və birgə layihələrin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır.





