
Moskvada keçirilən X Beynəlxalq “Qələbə” turniri Azərbaycan idmanı üçün növbəti qürurverici nailiyyətlə yaddaqalan oldu. Rusiyanın paytaxtında, İrina Viner adına Gimnastika Sarayında oktyabr ayında təşkil olunan yarışda müxtəlif ölkələrdən yüzlərlə gənc pəhləvan xalça üzərinə çıxaraq gücünü sınadı. Yunan-Roma güləşi üzrə mübarizə aparan 9 yaşlı həmyerlimiz Hüseynov Arif Vüsal oğlu bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəldi və turnirin qızıl medalına sahib oldu.
Yarışın təntənəli təltifetmə mərasimi idman dünyası üçün xüsusilə əlamətdar anlarla zəngin keçdi. Çempion idmançımıza fəxri kəməri dünya güləşinin canlı əfsanəsi, Kuba təmsilçisi Mixain Lopes şəxsən təqdim etdi. Qeyd edək ki, Mixain Lopes 2008–2024-cü illər ərzində 5 dəfə ard-arda Olimpiya çempionu olaraq yunan-Roma güləşi tarixində misilsiz bir rekorda imza atmış idmançıdır. Belə titullu bir şəxsin əlindən çempionluq kəmərini almaq balaca Arifin idman karyerasında unudulmaz bir xatirəyə və böyük stimula çevrildi.
İdmanda qazanılan hər bir nailiyyət gərgin zəhmətin, intizamın və dürüst mübarizənin bəhrəsidir. Arif Hüseynovun erkən yaşda beynəlxalq arenada qazandığı bu parlaq qələbə Azərbaycan güləş məktəbinin zəngin ənənələrinin etibarlı əllərdə olduğunu bir daha sübut edir.
Qanuntv.az xəbər portalı olaraq gənc çempionumuz Arif Hüseynovu və onun məşqçilərini bu böyük nailiyyət münasibətilə təbrik edir, idmançımıza möhkəm cansağlığı və gələcək yarışlarda yeni-yeni zirvələr arzulayırıq. Qoy üçrəngli bayrağımız beynəlxalq arenalarda daim uca dalğalansın!
Qanuntv.az — Hüququn, ədalətin və operativ xəbərin etibarlı ünvanı.






