
Bu gün Türkiyədə tarixinin ən mühüm günlərindən biri – 30 Avqust Zəfər Bayramı qeyd olunur.
Qanuntv.az xəbər verir ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edən böyük qələbə qazanıb. Bu zəfər nəticəsində Türkiyənin cənub-qərb bölgələri yunan işğalından azad edilib.
Zəfər Bayramı münasibətilə Türkiyənin bütün bölgələrində təntənəli tədbirlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, eləcə də müxtəlif şəhərlərdə şəhidlikləri ziyarət edir, Mustafa Kamal Atatürkün, silahdaşlarının və şəhidlərin xatirəsini ehtiramla yad edirlər.
Bayram günü ölkənin müxtəlif şəhərlərində hərbi paradlar və mərasimlər təşkil olunur. Xarici ölkələrdəki Türkiyə diplomatik nümayəndəliklərində də Zəfər Bayramı ilə bağlı tədbirlər keçirilir.
30 Avqust Türkiyədə rəsmi qeyri-iş günüdür. Hər il bu tarixdə Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı keçirilir və məzunlara zabit rütbələri təqdim olunur.
Zəfər Bayramınız mübarək, Türkiyə!
Qanuntv.az





