
Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qanuntv.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihələr, göstərilən tibbi xidmətlər barədə ətraflı məlumat verilib.
Mərkəzin masaj və oyun otaqları, eləcə də müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı burada yaradılan şərait diqqətə çatdırılıb. Bildirilib ki, müəssisənin fəaliyyəti beynəlxalq standartlara, tibb elminin müasir nailiyyətlərinə və qabaqcıl bərpa-müalicə avadanlıqlarına əsaslanır. Fiziki imkanları məhdud uşaqların reabilitasiyası, sağlamlıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası üçün mərkəzdə zəruri şərait yaradılıb.
Müasir tələblərə uyğun təşkil edilən oyun otaqları da uşaqların inkişafında mühüm rol oynayır. Bu məkanlar onların asudə vaxtlarının səmərəli keçirilməsinə, ünsiyyət bacarıqlarının formalaşmasına və psixoloji gərginliyin azaldılmasına xidmət edir. Eyni zamanda, yaradılan rahat və təhlükəsiz mühit uşaqların özlərini sərbəst hiss etmələrinə, fərdi bacarıqlarını üzə çıxarmalarına və sosial münasibətlərini inkişaf etdirmələrinə imkan yaradır.
Mərkəzin fəaliyyəti uşaqların sağlamlığının qorunması, reabilitasiya imkanlarının genişləndirilməsi və onların cəmiyyətə daha fəal inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.









