
Bakıda yerləşən hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qanuntv.az xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
İstintaq materiallarına əsasən, hadisə 2025-ci ilin avqust ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən “Crossway” hotelində baş verib. 2009-cu il təvəllüdlü Ayxan Qasımlı 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını qətlə yetirməkdə təqsirləndirilib.
Məlumata görə, ana və oğul arasında mübahisəyə səbəb qadının geyim tərzi olub. Əsmət Qasımlı gəzintiyə çıxarkən qısa şort geyinmək istədiyini bildirib. Oğlu isə buna etiraz edib. Tərəflər arasında yaranan mübahisə sonradan faciə ilə nəticələnib.
İttiham materiallarında göstərilir ki, Ayxan Qasımlı mətbəx bıçağı ilə anasının boğaz nahiyəsinə zərbə endirib. Anasının sağ olduğunu gördükdən sonra ona yenidən xəsarətlər yetirib. Bıçağın qırılmasından sonra isə qadının üz nahiyəsinə yumruq zərbələri endirib və onu boğmağa başlayıb. Hadisə nəticəsində Əsmət Qasımlı həyatını itirib.
Cinayət işi üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısı Ayxan Qasımlının yetkinlik yaşına çatmamasını, polisə könüllü təslim olmasını və zərərçəkmiş tərəflə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili isə daha yüngül cəza təyin olunmasını istəyib. Ayxan Qasımlı son sözündə anasını öldürmək niyyətinin olmadığını bildirib və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Ayxan Qasımlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iş üzrə ittiham Cinayət Məcəlləsinin 120.1-ci maddəsi — qəsdən adam öldürmə ilə bağlı olub.





