
Ağstafa rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Pərviz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
QanunTV.az xəbər verir ki, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Pərviz İbrahimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə Ağstafa rayonunun Böyük Kəsik kəndində baş verib. 1992-ci il təvəllüdlü Pərviz İbrahimov həyat yoldaşı Gülər İbrahimova ilə ailə həyatı qurub. Lakin bir müddət sonra tərəflər arasında mübahisələr yaranıb.
Mübahisədən sonra Gülər evdən gedərək atasının evinə sığınıb və ərindən boşanmaq istədiyini bildirib. Pərviz onun arxasınca gedərək evə qayıtmasını tələb edib. Gülər isə bu təkliflə razılaşmayıb.
İttihamda qeyd olunur ki, Pərviz həyat yoldaşına evə qayıtmayacağı təqdirdə atasını və qardaşını öldürəcəyi ilə bağlı hədə-qorxu gəlib. Gülər isə ona problemin yalnız onların arasında olduğunu deyərək ailə üzvlərini məsələyə qatmasını istəməyib.
Növbəti gün Pərviz yenidən qayınatasının evinə gedərək Güləri geri aparmaq istəyib. Bu zaman onu qayınanası qarşılayıb və səbirli olmasını, Güləri evə qaytaracağını bildirib. Lakin Pərviz təkid etməkdə davam edib.
Hadisə zamanı qayınanasının ona şillə vurduğu bildirilir. Bundan sonra Pərviz Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək qayınatası və qayınanasının onu döydüyünü bildirib. Telefonla danışarkən isə guya döyüldüyünü göstərmək məqsədilə “vurma məni” deyə qışqırıb.
Operator hadisənin ünvanını soruşduqda Pərviz ünvanı bilmədiyini deyərək telefonu həyat yoldaşı Gülərə verib. Gülər operatora Pərvizin evə hücum etdiyini və polisə yalan məlumat verdiyini bildirib.
Bu zaman Pərviz telefonu Gülərdən alıb, onun saçından tutaraq otağa sürüyüb. Daha sonra Güləri yerə yıxaraq boğmağa başlayıb.
Evdəkilərin qışqırığından sonra Pərviz Güləri öldüyünü düşünərək hadisə yerindən qaçıb. Lakin həkimlərin müdaxiləsi nəticəsində Gülərin həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Pərviz İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.





