
Azərbaycanda olduqca nadir rast gəlinən tibbi hadisə qeydə alınıb. Hamilə qadında dölün uşaqlıq boşluğunda deyil, qaraciyər nahiyəsində inkişaf etdiyi müəyyənləşdirilib.
Məlumata görə, qadının ultrasəs müayinəsi zamanı əldə olunan görüntülər radioloq tərəfindən sosial şəbəkədə paylaşılıb.
Mütəxəssislərin bildirdiyinə görə, belə hallar tibbdə çox nadir müşahidə olunsa da, mümkündür. Ektopik hamiləlik zamanı mayalanmış yumurta uşaqlıq boşluğuna deyil, qarın boşluğunun başqa nahiyəsinə implantasiya edə bilər. Nadir hallarda isə döl qaraciyərin səthində inkişaf etməyə başlayır.
Həkimlər qaraciyər nahiyəsində baş verən ektopik hamiləliyi son dərəcə ciddi və həyati təhlükəli vəziyyət hesab edirlər.
Belə hamiləlik vaxtında aşkarlanmadıqda daxili qanaxma və digər ağır fəsadlar yarana, nəticədə ananın həyatı üçün ciddi təhlükə meydana çıxa bilər.
Bu səbəbdən ektopik hamiləliyin erkən müəyyənləşdirilməsi və tibbi müdaxilənin vaxtında həyata keçirilməsi həyati əhəmiyyət daşıyır.





