
Bakının Bakıxanov qəsəbəsində yerləşən “Brain Academy” erkən inkişaf mərkəzinin filialında autizm spektrli 2 yaşlı uşağa qarşı fiziki zorakılıq göstərildiyini əks etdirən görüntülər yayılıb.
Qanuntv.az xəbər verir ki, hadisə barədə uşağın yaxını Ramin Balayev məlumat yayıb. Onun bildirdiyinə görə, inkişafı və reabilitasiyası üçün mərkəzə aparılan azyaşlı uşağın baş və üz nahiyəsinə zərbələr endirilib. Ailənin iddiasına əsasən, hadisədən sonra uşağın psixoloji vəziyyətində mənfi dəyişikliklər müşahidə olunub.
Yayılan məlumatlarda təhlükəsizlik kameralarının görüntülərində mərkəzin əməkdaşının uşağa fiziki təsir göstərdiyi, azyaşlının isə ağladığı görünür. Ailə hadisədə təqsiri olan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.
Mərkəzdən açıqlama
“Brain Academy” hadisənin baş verdiyini təsdiqləyib. Müəssisədən bildirilib ki, daxili araşdırmanın nəticələrinə əsasən, hadisə ilə əlaqəli iki əməkdaş barəsində intizam tədbirləri görülüb, onlara töhmət verilib və işdən uzaqlaşdırılmaları istiqamətində tədbirlər görülür. Mərkəz uşaqların təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.
Cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Hadisənin bütün təfərrüatlarının araşdırılması, uşağın hüquqlarının qorunması və təqsirli şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması məsələsi ictimai diqqət mərkəzindədir.





