

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib.
Qanuntv.az xəbər verir ki, dəyişikliyə əsasən, “erkən evlilik” anlayışına yeni məzmun verilib.
Belə ki, uşaqla rəsmi nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq da erkən evlilik hesab ediləcək.
Yeni yanaşma nikah rəsmiləşdirilmədən yetkinlik yaşına çatmayan şəxslə ailə münasibətlərinin yaradılması hallarının erkən evlilik anlayışı çərçivəsində nəzərə alınmasını nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2026-cı ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” yeni Qanununda da erkən evlilik anlayışı eyni məzmunda müəyyən edilib. Qanunda erkən evlilik “uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq” kimi təsbit olunub.
Dəyişikliyin əsas məqsədlərindən biri gənclər və cəmiyyət arasında erkən nikahın və erkən ailə münasibətlərinin mənfi nəticələri barədə maarifləndirmənin gücləndirilməsidir.




