
Texnologiyalar parklarının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 il müddətinə gəlir vergisi güzəşti müəyyənləşdirilib.
Qanuntv.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən texnologiyalar parklarının rezidentlərində, o cümlədən parkların ərazisindən kənarda fəaliyyət göstərən rezidentlərdə çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərdən gəlir vergisi 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.
İri sahibkarlıq subyektlərinə güzəştin tətbiqi müəyyən şərtlərlə məhdudlaşdırılır. Belə ki, rezident müəssisələrin ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin payı müəyyən edilmiş minimum həddən az olmamalıdır. Bundan əlavə, ixrac əməliyyatlarından əldə olunan vəsaitlər müəssisənin Azərbaycandakı bank və digər ödəniş hesablarına köçürülməlidir.
Dəyişikliklərə görə, sənaye və texnologiyalar parklarının rezidenti olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə də vergi güzəştləri tətbiq ediləcək. Onların müvafiq fəaliyyətdən əldə etdikləri gəlirlər sənaye parklarının rezidentləri üçün 10 il, texnologiyalar parklarının rezidentləri üçün isə 20 il müddətinə vergidən azad ediləcək. Muzdlu işdən əldə olunan gəlirlər bu güzəştə daxil deyil.
Texnologiyalar parklarının rezidentləri olan iri sahibkarlıq subyektləri üçün əlavə şərtlər də nəzərdə tutulub. Avadanlıq və aparat-texniki vasitələrin ixracı zamanı həmin məhsullara rezident tərəfindən yaradılmış və qanunvericiliyə uyğun qeydiyyata alınmış proqram təminatı, digər qeyri-maddi aktivlər, innovasiya məhsulları və ya nou-hau inteqrasiya edilməli, yaxud avadanlıq üzərində əsaslı texnoloji dəyişiklik aparılmalıdır. Sadəcə proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə olunan gəlirlərə bu azadolma şamil edilməyəcək.
Qeyd edək ki, qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.





