
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Qanuntv.az xəbər verir ki, görüş zamanı ICESCO-nun baş direktoru Azərbaycanda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib.
Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlərin böyük maraq doğurduğunu vurğulayıb. O, dünyada münaqişələrin davam etdiyi bir şəraitdə müharibələrin dayandırılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib. Həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezidentin fikirlərinin müasir beynəlxalq münasibətlər baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
ICESCO-nun baş direktoru təşkilatın fəaliyyətinə göstərilən davamlı dəstəyə və Azərbaycanın könüllü maliyyə töhfələrinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ICESCO-ya üzv müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Salim bin Məhəmməd əl-Maliki Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı da xüsusi qeyd edib. Onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində daim səylər göstərdiyini qeyd edib.
Görüşdə Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrlik edəcəyini diqqətə çatdırıb. O, ölkəmizin bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Sonda Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





