
İsraildə parlament seçkisindən sonra siyasi qüvvələr arasında qeyri-müəyyən vəziyyət yaranıb. Televiziya kanallarının açıqladığı exit-poll nəticələrinə əsasən, nə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok, nə də müxalifət Knessetdə hökumət qurmaq üçün zəruri olan çoxluğu təmin edə bilib.
Məlumata görə, Netanyahunun partiyasının 25, əsas rəqiblərindən Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyasının isə 21 mandat qazanacağı proqnozlaşdırılır.
“Kan-11” telekanalının exit-poll nəticələrinə əsasən, müxalifət blokunun 53, Netanyahu tərəfdarlarının 50, ərəb partiyalarının isə 17 mandat əldə edəcəyi gözlənilir.
İsraildə hökumətin formalaşdırılması üçün Knessetdəki 120 yerdən ən azı 61-nə sahib olmaq tələb olunur. İlkin proqnozlar heç bir siyasi blokun bu həddə təkbaşına çata bilmədiyini göstərir. Bu isə hökumətin qurulması prosesində koalisiya danışıqlarının həlledici əhəmiyyət daşıyacağını göstərir.
Qeyd edək ki, exit-poll nəticələri ilkin proqnozlardır və yekun seçki nəticələrindən fərqlənə bilər.





