
Şəkinin dağlıq ərazisində piyada yürüşə çıxan Niderland vətəndaşı itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.
Qanuntv.az xəbər verir ki, avqustun 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində xarici vətəndaşın köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub.
Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt-Bakı aviareysi ilə Azərbaycana gələn Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəkinin dağlıq ərazisində piyada yürüşə çıxıb.
Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağır yaralanan şəxsin təxliyəsi üçün DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib.
Dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə, qaranlıq hava şəraitində və çətin dağlıq relyefdə keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində turistə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan Niderland vətəndaşı operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Qanuntv.az





