
Xaricdə təhsil almaq istəyən şəxslər üçün vasitəçi şirkətlər universitet seçimi, sənədləşmə, qəbul prosesi və viza məsələlərində mühüm rol oynaya bilər. Lakin xidmət zamanı ödənilən vəsait və ya şirkətin üzərinə götürdüyü öhdəliklərlə bağlı problem yarandıqda tələbələr həm maddi, həm də hüquqi çətinliklərlə üzləşə bilərlər.
Qanuntv.az xəbər verir ki, təhsil eksperti Elvin Bədirov xaricdə təhsil üçün şirkət seçərkən vətəndaşlara diqqətli olmağı və yalnız reklama əsaslanmamağı tövsiyə edib.
Ekspert bildirib ki, sosial şəbəkələrdə ödənişli reklamlar vasitəsilə istənilən şəxs və ya şirkət geniş auditoriyaya təqdim oluna bilər:
«“Bu gün sosial şəbəkədə istənilən adam pul hesabına ciddi reklamlar edə və bütün tələblərinin qarşısına həmin reklamlar çıxa bilər. Onlar reklamı qarşısına çıxan adamların mütləq keçmişini araşdırsınlar. Onların təhsil şirkətləri neçə ildir fəaliyyət göstərir? Bu zamana qədər hansı uğurlara nail ola biliblər? Hansı tələbələrin ciddi qəbullarını ala biliblər?”»
Elvin Bədirov xüsusilə təqaüd proqramları və xarici universitetlərə qəbul məsələsində real nəticələri olan şirkətlərə üstünlük verilməsinin vacibliyini vurğulayıb.
“Əgər agentliklər xüsusi təqaüd proqramlarını ciddi formada işləyə bilirlərsə, bunun sübutları varsa, həmin agentliklərə etibar etsinlər”, – deyə ekspert qeyd edib.
Mövzu ilə bağlı İTV-nin hazırladığı süjeti təqdim edirik.





