
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu iddia edərək bir ailənin 74 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirən şəxsə hökm oxunub.
Qanuntv.az xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda anadan olmuş Elşən Məmmədov (şərti ad) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
Məhkəmədə müəyyən edilib ki, Bakının Maştağa qəsəbəsində yaşayan və ferma işlədən Elşən bir restoranda bir neçə gömrük əməkdaşı ilə tanış olduqdan sonra özünə müraciət edən şəxsləri Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini vəd edib.
O, Sara adlı qadına da Bakı Baş Gömrük İdarəsinin rəisi vasitəsilə Dövlət Gömrük Komitəsində işə düzəlməyə kömək edəcəyini bildirib.
Daha sonra isə gömrük orqanlarında işə düzəlməyin baha başa gəldiyini, Fövqəladə Hallar Nazirliyində isə 9 000 manata “R” rütbəsi ilə işə düzəldə biləcəyini deyib.
Elşənin vədinə inanan qadın 2024-cü ilin iyul ayının sonunda ilkin olaraq 2 000 manat məbləğində pulu bir neçə dəfəyə onun bank kartına göndərib.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs sonradan Dövlət Gömrük Komitəsində işlə bağlı danışıqlar apardığını və razılıq əldə etdiyini bildirərək qadından 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayının sonunadək, eləcə də 2025-ci ilin iyun ayından avqust ayının əvvəlinədək müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 50 min manata yaxın pul alıb.
Elşən qadının etimadını daha da qazanmaq üçün ona Dövlət Gömrük Komitəsinə aid qadın geyim forması da verib.
Təqsirləndirilən şəxsin dələduzluq əməlləri bununla da bitməyib. O, qadının Tofiq Qənbərov adlı oğlunu hərbi xidmətdən saxlatdıracağını vəd edərək 2025-ci ilin mart ayında ondan hissə-hissə daha 24 min manat pul alıb.
Lakin 2025-ci ilin aprel ayının sonlarında Tofiq hərbi xidmətə göndərilib. Bundan sonra qadın və ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Araşdırma zamanı Elşənin qadını aldadaraq ümumilikdə 74 900 manat pulunu ələ keçirdiyi müəyyən olunub.
Məhkəmə tərəfindən zərərçəkmişə dəymiş 74 991,99 manat məbləğində maddi ziyanın və 315 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin hökmü ilə Elşən Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.





