
Dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
QanunTV.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini, eləcə də digər profillər üzrə direktor müavini vəzifələri vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul prosesi üzrə elektron qeydiyyat başlayıb.
Namizədlər 27 avqust saat 15:00-dək miq.edu.az/muavin elektron keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. İlk mərhələdə namizədlər tərəfindən təqdim olunan məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Tələblərə uyğun namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar.
Namizədlər müsahibəyə müəyyən edilmiş qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.
Müsahibə zamanı namizədlərin bir sıra mühüm bacarıqları qiymətləndiriləcək. Bunlara liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqlar daxildir.
Müsabiqədən uğurla keçən namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdiriləcək.
Direktor müavini vəzifələrinə işə qəbul prosesi dövlət ümumi təhsil müəssisələrində idarəetmə fəaliyyətinin daha peşəkar kadrlarla təmin olunmasına yönəlib.





