
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskini ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib.
QanunTV.az xəbər verir ki, Prezident İlham Əliyev bu münasibətlə Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Məktubda Azərbaycan Prezidenti Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə öz adından və Azərbaycan xalqı adından Prezident Volodimir Zelenskini və dost Ukrayna xalqını səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.
İlham Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb. Dövlət başçısı siyasi dialoqu, yüksək səviyyəli qarşılıqlı səfərləri, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətləri kimi qiymətləndirib.
Prezident enerji sahəsində uzun illərdir davam edən səmərəli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
İlham Əliyev Volodimir Zelenskinin bu ilin aprelində Azərbaycana həyata keçirdiyi işgüzar səfəri və səfər çərçivəsində keçirilmiş görüşü də yüksək qiymətləndirib. Bildirib ki, dövlət başçıları arasında müntəzəm görüş və təmaslar, həmçinin ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstək Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.
Məktubda ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Azərbaycan Prezidenti ölkəsinin dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməkdə davam edəcəyini bildirib.
İlham Əliyev xalqların mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.
Təbrik məktubunun sonunda Prezident Volodimir Zelenskiyə möhkəm cansağlığı və xoşbəxtlik, dost Ukrayna xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıb.





