
Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, Sərəncama əsasən, 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Formula-1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən sənədlərdən birini təqdim etməklə ölkənin beynəlxalq hava limanlarında viza əldə edə biləcəklər.
Viza verilməsi üçün aşağıdakı sənədlərdən hər hansı biri əsas hesab ediləcək:
- “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula-1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə edilməsini təsdiq edən sənəd.
Sərəncamla Xarici İşlər Nazirliyinə də bir sıra tapşırıqlar verilib. Nazirlik Formula-1 yarışının beynəlxalq təşkilatçıları, Beynəlxalq Avtomobil Federasiyası, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası və xarici dövlətlərin aidiyyəti qurumlarını viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırmalıdır.
Bununla yanaşı, viza prosedurlarının sadələşdirilməsi, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanları barədə məlumatların Xarici İşlər Nazirliyinin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarının internet resurslarında yerləşdirilməsi təmin ediləcək.
Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərini Formula-1 yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq ediləcək sadələşdirilmiş viza prosedurları barədə məlumatlandıracaq.
Beləliklə, 2026-cı ildə Bakıda keçiriləcək Formula-1 yarışı ilə əlaqədar ölkəyə səfər edən xarici vətəndaşların Azərbaycana giriş prosedurlarının daha rahat və operativ şəkildə həyata keçirilməsi nəzərdə tutulur.





