
İsmayıllı rayonunun Minkə kəndində faciəvi hadisə baş verib. Təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda iki azyaşlı boğularaq həyatını itirib.
Qanuntv.az xəbər verir ki, hadisə nəticəsində 2011-ci il təvəllüdlü Əfsanə Rövşən qızı İsmayılova və onun qardaşı, 2014-cü il təvəllüdlü Cahan Rövşən oğlu İsmayılov dünyasını dəyişib.
Məlumata görə, hadisə kənd ərazisində heyvandarlıq təsərrüfatına yaxın sahədə yerləşən, tullantıların toplanması üçün istifadə olunan quyuda baş verib.
İlkin məlumata əsasən, uşaqlardan biri quyuya düşüb. Digər uşaq isə onu xilas etməyə çalışarkən təhlükəli vəziyyətə düşüb. Nəticədə hər iki bacı-qardaşın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Uşaqların meyitləri quyudan çıxarılaraq İsmayıllı morquna aparılıb. Müvafiq baxış keçirildikdən sonra meyitlər ailələrinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının, o cümlədən quyunun təhlükəsizlik tələblərinə uyğun olub-olmamasının araşdırılması istiqamətində istintaq tədbirləri davam etdirilir.
Faciənin dəqiq səbəbləri aparılan araşdırmanın nəticəsində məlum olacaq.





