
Məktəbli formalarının əldə edilməsi ilə bağlı seçim valideynlər tərəfindən sərbəst şəkildə həyata keçirilir.
Qanuntv.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Qeyd olunub ki, valideynlər məktəbli formaları ilə bağlı ətraflı məlumatı övladlarının təhsil aldığı ümumi təhsil müəssisələrindən, həmçinin yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
Agentliyin məlumatına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına uyğun olaraq, ümumi təhsil müəssisələrində dörd növ geyim formasından biri tətbiq edilir.
Həmçinin bildirilib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən məktəbli geyim formasının seçilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.
Agentlik vurğulayıb ki, seçilmiş vahid geyim forması ən azı üç tədris ili ərzində dəyişdirilmədən tətbiq edilir.
Beləliklə, valideynlər məktəbli formasını müəyyən edilmiş tələblərə uyğun olaraq öz seçimləri əsasında əldə edə bilərlər və onların konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.





