
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanuntv.az xəbər verir ki, işə Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılıb və hökm elan olunub.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən, Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
İbtidai istintaq zamanı müəyyən edilib ki, Rasim Həsənov 2021-2025-ci illərdə tutduğu vəzifələrdə işləyərkən hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən alıb. Həmçinin onun vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Baş Prokurorluğun məlumatına görə, dövlət ittihamçısı məhkəmədə çıxış edərək Rasim Həsənovun üç il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələrdə çalışmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Lakin Bakı Hərbi Məhkəməsinin hökmü ilə onun əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilib.
Məhkəmə Rasim Həsənova 7 000 manat məbləğində cərimə cəzası təyin edib. Onun həbsdə olduğu müddət nəzərə alınaraq cərimənin məbləği 5 000 manata endirilib.
Rasim Həsənov məhkəmə zalından azadlığa buraxılıb.
Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsinə baxılacaq.
Qeyd edək ki, Rasim Həsənov barəsində istintaq dövründə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Qanuntv.az





