
Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin Ukraynadan Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun olaraq zəruri sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində Ənvər Tağıyevin ölkəmizə ekstradisiyası barədə razılıq əldə edilib.
Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi çərçivəsində Ənvər Tağıyevin qaçaqmalçılıq cinayəti törətməsinə, eləcə də aksiz markası ilə markalanmalı olan yükü müvafiq markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub. İstintaqdan yayınaraq gizləndiyinə görə isə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilmiş tədbirlər nəticəsində Ənvər Tağıyevin Ukrayna ərazisində olduğu müəyyənləşdirilib və onun saxlanılması təmin edilib.
Hazırda Ənvər Tağıyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq bildirib ki, axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.





