
Türkiyə və Rusiya “Akkuyu” Atom Elektrik Stansiyasından (AES) əlavə yeni nüvə elektrik stansiyalarının inşası istiqamətində birgə fəaliyyət göstərəcək.
QanunTV.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə keçirilən görüş zamanı deyib.
Ərdoğan bildirib ki, “Akkuyu” AES-in tikintisi yekun mərhələdədir və stansiyanın istismara verilməsi ilə yanaşı, yeni elektrik stansiyalarının yaradılması istiqamətində də birgə addımlar atılacaq.
“Bu obyektin açılışı ilə yanaşı, biz yeni stansiyaların açılması istiqamətində də birgə addımlar atacağıq. Bu sahədə hazırlıq işləri aparırıq”, – Türkiyə Prezidenti qeyd edib.
Görüş zamanı Türkiyə-Rusiya münasibətləri, həmçinin ikitərəfli və regional gündəmdə olan məsələlər müzakirə olunub.
Qeyd edək ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilən “Akkuyu” AES-in ilk enerji blokunun 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.





