
Bakının Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, söküləcək binaların dəqiq sayı və tam siyahısı hazırda açıqlana bilməz. Buna səbəb dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrin rayonla tam şəkildə paylaşılmamasıdır.
V.Oruc bildirib ki, söküntü və yenidənqurma işlərinin əsasən Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətlərində aparılması nəzərdə tutulur.
İlkin mərhələdə texniki vəziyyəti qənaətbəxş olmayan və qəzalı binaların sökülməsinə üstünlük veriləcəyi qeyd olunub. Bununla yanaşı, həmin ərazilərdə abadlıq və yeni tikinti layihələrinin də həyata keçirilməsi planlaşdırılır.
Ekspertin sözlərinə görə, Ağa Nemətulla və Təbriz küçələrində, həmçinin “Nəriman Nərimanov” metro stansiyasının ətrafında artıq müəyyən yenidənqurma işləri aparılıb. Mövcud layihələrin tamamlanmasından sonra rayonun ayrı-ayrı hissələrinin kompleks şəkildə yenidən qurulması gözlənilir.
Qeyd edək ki, Nərimanov rayonunda həyata keçiriləcək şəhərsalma və yenidənqurma işlərinin “Bakı şəhərinin Baş Planı – 2040” çərçivəsində aparılması nəzərdə tutulur.
İlkin mərhələdə 15 binanın sökülməsi planlaşdırılsa da, gələcəkdə yenidənqurma prosesinin rayonun digər ərazilərini də əhatə edəcəyi bildirilir.





