
İyulun 11-də Prezident İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və doğma yurdlarına qayıdan sakinlərlə görüşüb.
Görüş zamanı dövlət başçısı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edib. Bu zaman ailənin balaca üzvü Gülər Əsədova Prezident İlham Əliyevdən traktor istəyib.
Balaca Gülərin səmimi arzusu diqqətdən kənarda qalmayıb.
Azərbaycan Televiziyasının (AzTV) çəkiliş qrupu Kiçik Qaladərəsi kəndində olub. Hazırlanan videomaterialda Böyük Qayıdış proqramı çərçivəsində kənddə həyatın yenidən canlanması, sakinlərin doğma yurda qayıtdıqdan sonra gündəlik yaşamı və balaca Gülərin arzusunun necə gerçəkləşdiyi əks olunub.
Məlumata görə, balaca Gülərin Prezidentdən istədiyi traktor artıq Əsədovlar ailəsinə təqdim edilib.
Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində sakinlərini qəbul edən Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə olmaqla, ümumilikdə 51 nəfər köçürülüb.
Kəndə qayıdış prosesinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Beləliklə, illər sonra doğma torpaqlarına qayıdan ailələrin həyatına yeni bir səhifə açılır, kəndlərdə sosial və iqtisadi həyat tədricən bərpa olunur.
Daha ətraflı AzTV-nin videomaterialında.





