
2026-cı ilin ilk altı ayı ərzində Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azdır.
Hesabat dövründə yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən şəxslərin ümumi sayı 15,1 faiz azalaraq 689 nəfər təşkil edib. Onlardan 285 nəfər həyatını itirib, 404 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Statistikaya əsasən, yol qəzalarının 44,3 faizi gecə saatlarında, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı qeydə alınıb. Hadisələrin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin böyük hissəsi yaşayış məntəqələrinin payına düşüb. Belə ki, qəzaların 83,7 faizi yaşayış məntəqələrində baş verib.
Yaşayış məntəqələrində qeydə alınan qəzalarda 201 nəfər həyatını itirib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azdır. Yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.
Ümumi yol-nəqliyyat hadisələrinin 43,9 faizi nəqliyyat vasitələri ilə piyadaların iştirakı, 36 faizi iki və daha çox nəqliyyat vasitəsinin toqquşması, 20,1 faizi isə yalnız bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Statistikada zərərçəkənlərin cins bölgüsü də açıqlanıb. Qəzalarda həyatını itirənlərin 78,9 faizini, müxtəlif xəsarətlər alanların isə 72,3 faizini kişilər təşkil edib.
Rəqəmlər yol-nəqliyyat hadisələrinin sayında müəyyən azalma olduğunu göstərsə də, ilin ilk altı ayında 285 nəfərin yol qəzaları nəticəsində həyatını itirməsi ölkədə yol hərəkəti təhlükəsizliyi məsələsinin hələ də ciddi problem olaraq qaldığını göstərir.
Qanuntv.az





