
Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Gədəbəy–Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq körpüdən aşıb və dərəyə düşüb.
Qəza nəticəsində avtomobildə olan 2004-cü il təvəllüdlü Elvir Fətəliyev, 2006-cı il təvəllüdlü Rufan Məmmədov, 2008-ci il təvəllüdlü Ziya Nuriyev, 2006-cı il təvəllüdlü Musa Nuruzadə və 2007-ci il təvəllüdlü Məhəmməd Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar hadisə yerindən təcili tibbi yardım avtomobilləri ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Daha sonra xəsarət alanlardan bəziləri müalicələrinin davam etdirilməsi üçün Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





