
Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən sürücü saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman “Chevrolet” markalı, 77-SB-704 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 32 yaşlı Məhəmməd Vəliyevin hərəkətləri şübhə doğurub.
Bununla əlaqədar sürücünün tibbi müayinədən keçməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, M.Vəliyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Məhəmməd Vəliyev inzibati qaydada həbs edilib və onun nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.





