
Polşanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı avqustun 26-da Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində Azərbaycan əleyhinə yayımlanan süjetlə bağlı kəskin etiraz ifadə olunub.
Azərbaycan tərəfi süjetdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı qərəzli, qeyri-obyektiv və qəbuledilməz iddiaların səsləndirilməsindən, həmçinin veriliş zamanı aparıcının təxribat xarakterli davranışından narazılığını bildirib.
Bununla əlaqədar Polşa səfirinə etiraz notası təqdim edilib.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesinin davam etdiyi, Azərbaycanın regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində qətiyyətli səylər göstərdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, belə bir dövrdə həqiqəti təhrif edən məlumatların yayılması Azərbaycan tərəfindən ciddi suallar doğurur.
XİN-in məlumatına görə, Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım orqanında Azərbaycana qarşı mənfi məzmunun yayımlanması ölkələr arasında mövcud tərəfdaşlıq ruhuna zidd olan və ikitərəfli münasibətlərə ciddi zərər vurmaq potensialına malik qeyri-dost addım kimi qiymətləndirilib.
Polşa tərəfi Azərbaycanı hədəf alan bu cür təxribatçı kampaniyaların dayandırılması istiqamətində təxirəsalınmaz və təsirli tədbirlər görməyə çağırılıb.





