
Avqustun 27-də Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş verən hadisəni qətiyyətlə pisləyib.
XİN Rusiyanın aidiyyəti qurumlarını insidenti hərtərəfli araşdırmağa, təxribat xarakterli əməllərə hüquqi qiymət verməyə və günahkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.
Nazirlik bildirib ki, sözügedən hadisə Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edir. Həmçinin qeyd olunub ki, təxribat Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsi ola bilər.
Azərbaycan tərəfi Rusiyanın diplomatik nümayəndəliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsini gözlədiyini açıqlayıb.





