
“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinə tarixində ilk dəfə vəsiqə qazanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikinə görə təşəkkür edib.
Qanuntv.az xəbər verir ki, klub İsrailin Beer-Şeva şəhərinin “Hapoel” komandası ilə keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda əldə etdiyi tarixi qələbədən sonra Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə dövlət başçısının komandaya göstərdiyi yüksək diqqət və təbrikin “Sabah” üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Klub rəhbərliyi Azərbaycan idmanına, xüsusilə futbolun inkişafına göstərilən davamlı diqqət və qayğının, eləcə də idman klublarının inkişafı üçün yaradılan imkanların belə tarixi nailiyyətlər üçün mühüm stimul olduğunu qeyd edib.
“Sabah” FK bundan sonra da ölkəni Avropanın ən nüfuzlu futbol turnirində layiqincə təmsil etmək, Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunu daha da yüksəltmək üçün mübarizəsini davam etdirəcəyini bildirib.
Müraciətdə həmçinin komandanın sonadək mübarizə aparmaq və qələbəyə inanmaq əzmini Prezident İlham Əliyevdən öyrəndiyi qeyd olunub.
Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Hapoel”ə 1:2 hesabı ilə məğlub olmuşdu. Bakıda keçirilən cavab qarşılaşmasında isə Azərbaycan təmsilçisi rəqibinə 5:2 hesabı ilə qalib gələrək ümumi hesabda üstünlük əldə edib və tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Bu nəticə Azərbaycan futbolu üçün də əlamətdar hadisə kimi qiymətləndirilir.





