
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.
QanunTV.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Səfir bildirib ki, Volodimir Zelenski Ukraynanın bir sıra beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.
Təltif olunanlar sırasında Hikmət Hacıyevin də olduğunu qeyd edən Yuri Qusev ona III dərəcəli “Xidmətlərə görə” ordeninin təqdim edildiyini bildirib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də təltif olunanlar arasındadır. O, III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edilib. Təbrik edir və əməkdaşlığa görə təşəkkür edirik”, – deyə diplomat qeyd edib.
Hikmət Hacıyevin dövlət ordeni ilə təltif edilməsi barədə Ukrayna Prezidentinin müvafiq fərmanı da rəsmi internet səhifəsində yayımlanıb.
Fərmana əsasən, Hikmət Hacıyev və digər ölkələrin bir sıra dövlət rəsmiləri dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə verdikləri mühüm şəxsi töhfəyə görə təltif ediliblər.
Bu təltif Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı və iki ölkə arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyəsinin göstəricilərindən biri kimi qiymətləndirilir.





