
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.
QanunTV xəbər verir ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib. On hektardan çox ərazini əhatə edən mərkəz Səmərqəndin qədim memarlıq abidələrinin üslubunda inşa olunub. Kompleksin əsas xüsusiyyətlərindən biri 65 metr hündürlüyündə günbəzidir.
Mərkəzdə nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər fəaliyyət göstərir. Burada müxtəlif tarixi dövrlərə aid qiymətli əşyalar, elmi və mədəni əsərlər nümayiş etdirilir.
Mərkəzin kitabxanasında 100 min əlyazma və bir milyondan çox kitabın saxlanılması nəzərdə tutulub. Əcdadların elmi və yaradıcılıq irsi müasir texnologiyalar və rəqəmsal vasitələrdən istifadə edilməklə ziyarətçilərə təqdim olunur.
Muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.
Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mühüm tarixi-mədəni nümunələrindən biri olan “Osman Quranı” saxlanılır. Burada müxtəlif dövrlərə aid Quran əlyazmaları, həmçinin Qurani-Kərimin özbək dilinə tərcümələri nümayiş olunur.
Məlumata görə, mərkəzin yaradılması layihəsində yüzlərlə alim, ekspert, dini və ictimai xadim iştirak edib. İslam Sivilizasiyası Mərkəzi UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Mehriban Əliyeva və Leyla Əliyevanın Mərkəzə səfəri Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisi kimi diqqət çəkir.











